Milad

Milad — xristianlıqda əsas bayramlardan biri, İsanın doğumu qeyd olunan gün. Qərb xristianlıginda, o cümlədən katolisizmdə və bir neçə pravoslav Kilsəsində 25 dekabr, pravoslavlıqda isə 7 yanvar tarixinə düşür. ABŞ-da Milad federal bayramlarından biridir.
Xristian aləminin ən əlamətdar və təntənəli törənlərindən sayılan "Milad" bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Dünya xristianları mənsub olduqları məzhəblərdən asılı olaraq, bu bayramı müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər və o hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

Xristianların bu bayramı qeyd etmələri haqqında ilk məlumatlar IV əsrə aiddir. Lakin xristian ənənəsində İsa Məsihin dünyaya gəlməsinin dəqiq tarixi barədə fikirlər mübahisəlidir və hakim ruhanilər tərəfindən bu məsələ hər məzhəbə görə fərqli izah olunur. Xristianlar bu bayramı hələ ilk dövrlərdə indikinə nisbətən fərqli keçirirmişlər. Çünki, əvvəllər İsa Məsihin dünyaya gəlməsi ilə onun vəftiz (mənəvi paklıq üçün müqəddəs suya salınma) edilməsi tarixi eyni vaxtda qeyd edilirdi. Birinci dəfə Roma Papası Yulinin dövründə (IV əsrin birinci yarısı) Katolik kilsəsi İsa Məsihin dünyaya gəlməsi ilə vəftiz olunması bayramını bir-birindən ayıraraq "Milad"ı dekabr ayının 25-də qeyd etməyə başlamışdır.
Katoliklər tərəfindən məhz bu tarixin seçilməsi təsadüfi deyil. Bəzi mülahizələrə görə, bu tarix ilk xristianların mart ayının 25-də qeyd etdikləri Pasxa və Tanrının bədənləşməsi (İsanın ana bətninə düşməsi) gününün üzərinə 9 ay əlavə edilməsi ilə yaranmış və ən uzun qış gecəsi olan vaxtla üst-üstə düşmüşdür. Bəziləri isə bunu tam başqa səbəblərlə, yəni bütpərəst romalıların həmin tarixdə qeyd etdikləri "Yenilməz Günəşin doğulması" bayramı ilə əlaqələndirirlər.

Katoliklərlə pravoslavlar arasında bayram ənənəsində oxşar cəhətlər olduğu kimi, fərqliliklər də mövcuddur. Məsələn, katoliklərdə də bayram ərəfəsində xüsusi ehkamları olan sərt oruc tutulur. "Xaçaturan" adlandırılan bu orucu tutanlar bal, buğda və arpa dənlərindən hazırlanan toxum şirəsi qəbul edirlər. Adətə görə, xaçaturan göydə ilk ulduzun görünməsi ilə bitir.

Milad ibadəti katoliklikdə üç dəfə icra olunur: gecəyarı, sübh tezdən, günorta. Simvolik olaraq bu ibadətlər İsa Məsihin Tanrı Atada, Məryəm Ananın bətnində və hər xristianın qəlbində doğulmasını tərənnüm edir.
Müasir dünyada isə yeni qaydaya görə, pravoslavlar Milad bayramını yulian təqviminə əsasən, yanvar ayının 7-si qeyd edirlər. Kilsə nizamnaməsinə uyğun olaraq, dindar pravoslavlar bayramdan qabaq davamlı oruc tuturlar. Bu oruc bayram ərəfəsində daha ciddi və sərt ehkamlarla müşayiət olunur. Məsələn, nizamnaməyə əsasən, yanvar ayının 2-dən (yeni qaydaya görə) balıq yeməyə icazə verilmir. Milad gecəsindən birneçə gün əvvəl isə bayram əhval-ruhiyyəsini qaldırmaq məqsədilə ibadət vaxtları İsa Məsihin dünyaya gəlməsini tərənnüm edən dini mahnılar və bayramın mahiyyətini açıqlayan kanonlar oxunur.

Kilsələrdə, həmçinin İsa Məsihin doğumu ilə bağlı İncil mətnləri qiraət olunur. Bayram axşamı isə oruc daha da sərtləşdirilir. Adətə görə, ilahi təntənənin intizarının nişanəsi olaraq hava qaralana, yəni göydə ilk ulduz görünənə qədər qida qəbul edilməməlidir. Ulduzun görsənməsi simvolik olaraq Vifleyem ulduzunu xatırladır. Çünki xristian rəvayətlərinə görə, məhz bu ulduz kahin və çobanları yeni dünyaya gəlmiş İsanın beşiyi başına gətirmişdir.

Language: 
field_vote: 
0
No votes yet